Kolleclərə ixtisas seçimi BAŞLAYIB

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başlandı – Şərtlər açıqlandı

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 31 iyuldan 7 avqust saat 23:59-dək internet vasitəsilə aparılacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ixtisas seçiminə yalnız qəbul imtahanında ümumi balı 50-dən, Azərbaycan və ya rus dili fənni üzrə balı 20-dən, riyaziyyat fənni üzrə balı isə 10-dan az olmayan abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə ümumi balı 50-dən az olmayan və qabiliyyət imtahanından “məqbul” nəticə əldə edən abituriyentlər müsabiqəyə qatıla bilərlər. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarında iştirak etmək üçün minimum 30 bal kifayətdir, fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir.

Abituriyentlər dövlət sifarişi və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilərlər. Kodların ardıcıllığı abituriyentin özü tərəfindən müəyyənləşdirilir. Müsabiqə zamanı abituriyentin seçdiyi kodların sırasına əsasən yerləşdirmə həyata keçirilir.

2025/2026-cı tədris ili üzrə qəbul aparılan ixtisaslar, plan yerləri və digər məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

Bu il kolleclərə qəbul üçün 8144 plan yeri ayrılıb. Ötən il bu rəqəm 10 930 idi. 2025-ci ildə 24 059 nəfər ixtisas seçiminə buraxılıb. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 27 743 nəfər olub.

Qeyd edək ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtlərini ödəyən, lakin vaxtında qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçərək ixtisas seçiminə qatılmaq imkanı yaradılıb. Bu səbəbdən iştirakçı sayının artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in Abituriyent Məsləhət Mərkəzlərinə də müraciət edə bilərlər. Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Sumqayıt Dövlət Universiteti, Gəncədə Dövlət Aqrar Universiteti və DİM-in regional bölmələrində fəaliyyət göstərən mərkəzlərdə abituriyentlərə ödənişsiz yardım göstərilir.

ChatGPT’ye sor