Şagirdlərimizdən beynəlxalq olimpiadada yüksək NƏTİCƏ

Azərbaycan məktəbliləri IOI 2025-də tarixi uğura imza atdılar – 1 gümüş, 2 bürünc medal

2025-ci ilin 27 iyul–3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində keçirilən 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan məktəbliləri tariximizin ən yüksək nəticəsini əldə ediblər. Komandamız olimpiadada 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Medal qazanan məktəblilər:

  • Ayxan Dəmirli – Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi – gümüş medal

  • Həsən Vəliyev – Bakı şəhəri, 157 nömrəli məktəbin X sinif şagirdi – bürünc medal

  • Elvin İmanlı – Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi – bürünc medal

  • Əli Əliyev – Bakı şəhəri, Ankara liseyinin XI sinif şagirdi – həvəsləndirici mükafat

Azərbaycan IOI olimpiadalarında nəticələr üzrə yüksəlişdədir

Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasında 1994-cü ildən iştirak edir. Bu müddət ərzində ölkəmiz aşağıdakı uğurları əldə edib:

  • 1994–1999: 2 medal

  • 2000–2009: 2 medal

  • 2010–2019: 1 medal

  • 2020–2025: 11 medal

Bu statistikaya əsasən, 2025-ci il ölkəmiz üçün rekord göstərici ilə yadda qalıb.

Azərbaycan şagirdləri dünya reytinqində ilk 100-lüyə daxil olub

Bu ilki nəticələrə əsasən, iki azərbaycanlı şagird dünyanın ən yaxşı 100 informatika şagirdi arasında yer alıb. Bu isə Azərbaycan təhsil sisteminin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini təsdiqləyir.

Beynəlxalq olimpiadalara hazırlıq gücləndirilib

Son illərdə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu“Azercell Telekom” MMC arasında qurulan əməkdaşlıq çərçivəsində təşkil olunur. Bu hazırlıq proqramları sayəsində şagirdlərin beynəlxalq uğurları artmaqdadır.