DİM-də süni intellektin tətbiqi: Yüzlərlə marker işsiz qala bilər
İmtahanların yoxlanılmasında süni intellektin tətbiqi: Təhsil eksperti xəbərdarlıq edir
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan nəticələrinin yoxlanılmasında süni intellektin tətbiqi üzərində iş aparılır. Tətbiq ediləcək bu texnologiyanın nə dərəcədə effektiv və etibarlı olacağına zaman göstərəcək. Lakin DİM rəsmiləri qeyd edirlər ki, ən etibarlı amil hələ də insan faktorudur.
Bildirilib ki, imtahanların qiymətləndirilməsi və yoxlanılması prosesini süni intellektə həvalə etmək, insan inamını və etibarını sarsıda bilər. Bu, həm də insanları texnoloji sistemlərə həddən artıq bağlı vəziyyətə salmaq kimi qiymətləndirilir.
Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirib ki, bu yanaşma DİM-də çalışan yüzlərlə markerin işsiz qalmasına, təbii intellektin süni intellektlə əvəzlənməsinə səbəb olacaq və bu, əmək bazarında əlavə gərginlik yaradacaq.
Ekspert əlavə edib ki, rəsmi qurumlar bu kimi yanaşmaları bəyan edərkən, süni intellektin tətbiqinin gətirəcəyi dəyişikliklərə – yeni ixtisasların yaradılması, müəllim hazırlığı, dərs vəsaitləri, məktəb səviyyəsində yeni fənlərin tədrisi və s. kimi vacib məsələləri də nəzərə almalıdırlar.
Onun sözlərinə görə, süni intellekt texnologiyası dünyada hələ yeni bir sahədir və bu sahədə ciddi araşdırmalar, hazırlıq və zaman tələb olunur.
Yüksək texnologiyalar artıq insan faktorunu ikinci plana çəkir, lakin bu heç bir halda insan amilinin əhəmiyyətini aradan qaldırmır. Süni intellektin özü də insan beyninin məhsulu olaraq, insan tərəfindən proqramlaşdırılmış sistemlərdir. O, yalnız verilmiş məlumat və alqoritmlər əsasında qərar verə bilir.
Ekspert onu da əlavə edib ki, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na əsasən, 2026–2027-ci illərdə Süni İntellekt Akademiyası fəaliyyət göstərəcək. Strategiyaya görə, ən azı iki nüfuzlu xarici universitetlə əməkdaşlıq ediləcək, 500 süni intellekt mühəndisi hazırlanacaq və 3000 nəfərlik süni intellekt icması formalaşdırılacaq. Bu mərhələdən sonra məsələ yenidən gündəmə gətirilə bilər.
