Bazar günü 54 minə yaxın şagird imtahan verəcək
Aprelin 20-də buraxılış imtahanı keçiriləcək – Vacib məlumatlar
Aprelin 20-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahan saat 11:00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də binaya buraxılış prosesi başa çatır. Bu saatdan sonra gələn iştirakçılar imtahana buraxılmayacaqlar. İştirakçılara buraxılış vərəqəsində qeyd olunan vaxtda imtahan binasında olmaları tövsiyə olunur.
İmtahan keçiriləcək bölgələr: Bakı (Sabunçu I hissə, Xəzər I hissə, Yasamal, Binəqədi), Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Zəngilan, Cəbrayıl.
Şagirdlər aşağıdakı sənədləri gətirməlidirlər:
-
İmtahana buraxılış vərəqəsi;
-
Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi, müvafiq icazə sənədləri);
-
Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar üçün təhsil müəssisəsi tərəfindən verilmiş, şəkilli və möhürlü arayış.
Buraxılış vərəqələri DİM-in saytından aprelin 10-dan etibarən çap edilə bilər.
Statistika və təşkilat: İmtahanlarda ümumilikdə 53,649 şagirdin iştirakı nəzərdə tutulur. Bu məqsədlə 216 imtahan binası, 3963 imtahan zalı ayrılıb. İmtahanın təşkili üçün 644 rəhbər, 4946 nəzarətçi, 722 mühafizəçi və 216 bina nümayəndəsi cəlb olunub.
46 nəfər sağlamlıq imkanları məhdud şagird üçün xüsusi zallar ayrılıb və fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlər üçün də bütün infrastruktur uyğunlaşdırılıb. Eyni zamanda, bu iştirakçılarla işləyəcək nəzarətçilərə xüsusi təlimlər keçirilib.
İmtahana 1 gün qalmış bütün imtahan binalarına təhlükəsizlik baxışı keçirilir, binalar möhürlənir və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mühafizə altına alınır.
