Qəbulda 300, 400, 700 bal sevdasını tamamilə unutmalıyıq…

Ekspert: 700 bal toplayanlarla digər yüksək nəticə göstərənlər arasında ciddi fərq yoxdur

Bal sistemində 10-20, hətta 40-50 ballıq fərq belə ciddi göstərici sayılmamalıdır. Mütəxəssislər bildirirlər ki, 700 ballıq sistemdə 650 və ya 660 bal toplayan şəxslərlə maksimal nəticə göstərənlər arasında bilik və bacarıq baxımından nəzərəçarpacaq fərq yoxdur.

Elm və təhsil eksperti Elmin Nuri qeyd edib ki, bu fərq adətən bir və ya iki sualın cavablandırılmaması ilə bağlı olur:
“Bir çox abituriyent yalnız 1-2 suala cavab verə bilmədiyi üçün maksimal nəticəni əldə edə bilməyib. Ona görə də istər 700, istərsə də 300 və 400 bal toplayan şəxsləri digərlərindən ciddi şəkildə fərqləndirmək doğru deyil”.

Ekspert əlavə edib ki, son illərdə test imtahanlarının qiymətləndirmə sistemində rolu getdikcə azalır:
“Bilik və bacarıqların qiymətləndirilməsi artıq test nəticələrindən çox, şəxsin fərqli yanaşma tərzi, orijinal analiz bacarığı, situasiyaya uyğun qərar verməsi kimi keyfiyyətlərə əsasən aparılmalıdır. Mühakimə və məntiqi əlaqələndirmə qabiliyyəti real həyatda daha faydalı olur. Bu bacarıqlar insana praktiki həyat məsələlərini həll etməyi öyrədir ki, bu da ən vacib məqamdır”.

Elmin Nuri vurğulayıb ki, test üzərindən toplanan bal yalnız qısa müddət ərzində nostalji uğur kimi dəyərləndirilə bilər:
“Bir müddət sonra bu nəticələrin müsbət təsiri qalmır. Əsas olan mühakimə, analiz və əsaslandırma bacarıqlarıdır. Bu keyfiyyətlər insan faktorunun ön planda olduğu bütün sahələrdə uğur gətirir. Buna görə də 300, 400 və ya 700 bal sevdasını bir kənara qoyub, daha praqmatik yanaşmalıyıq”.