Bu kolleclərə yeni direktor TƏYİN EDİLDİ

Masallı Dövlət Regional Kollecinə yeni direktor təyin edilib.
ixtisassecimi.az-ın məlumatına görə, bu vəzifəyə Rövşən Qurbanov gətirilib.

Rövşən Qurbanov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “Filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi)” ixtisası üzrə, magistratura təhsilini isə “Dilşünaslıq (Azərbaycan dili)” ixtisası üzrə alıb. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Rövşən Qurbanov ADPU-nun Cəlilabad filialında, Masallı Dövlət Regional Kollecində və digər təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

Bundan əlavə, digər əmrlə Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin direktor müavini təyin olunub. Sevda Həsənova ali təhsilini Mingəçevir Politexnik İnstitutunda “Toxuculuq və yüngül sənaye iqtisadiyyatı və idarəetməsi” ixtisası üzrə başa vurub, daha sonra Bakı Avrasiya Universitetinin doktoranturasında təhsil alaraq iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. O, Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər təhsil ocaqlarında pedaqoji və inzibati fəaliyyət göstərib.

Eyni zamanda, Dürrə Hacıyevaya Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə olunub. Dürrə Hacıyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə, magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Qlazqo Strasklayd Universitetində “Təhsil tədqiqatları və təşkilati inkişaf” ixtisası üzrə başa vurub. O, dövlət qurumlarında, o cümlədən Təhsil İnstitutunda və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə layihəsində – “İnnovativ məktəb” proqramında layihə koordinatoru kimi çalışıb.

Daha ətraflı məlumat üçün bizi izləyin — ixtisassecimi.az