Müəllimlərlə bağlı müsabiqə qeydiyyatı başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Aprelin 4-dən başlayan proses artıq yekunlaşıb və sənədlərə baxılma mərhələsi davam edir.

Müsabiqədə iştirak etmək hüququna yalnız dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə fasiləsiz şəkildə 3 tədris ili çalışan müəllimlər malikdir. Bundan əlavə, təhsilverənlərin sertifikatlaşdırılması mərhələsində (test və müsahibə) uğur qazananlar, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi və ya diaqnostik qiymətləndirmədə iki və ya daha çox dəfə iştirak edənlər, üstünlük verdikləri bal ilə müsabiqəyə qatılmaq imkanına sahibdirlər.

Bu il üçün minimum keçid balı 30 olaraq müəyyən edilib. Hazırda qeydiyyatdan keçmiş şəxslərin sənədləri yoxlanılır və yaxın zamanda müsabiqəyə buraxılacaq namizədlər müəyyənləşdiriləcək.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu müsabiqə vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna yerdəyişmə mümkün deyil. Bu regionlara keçmək istəyən müəllimlər yalnız müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak etməklə yerdəyişmə edə bilərlər.