Bu universitetdə yeni ixtisas yaradıldı

Bakı Ali Neft Məktəbində 2025-2026-cı tədris ili üçün Data Analitikası ixtisası açılır

2025-2026-cı tədris ili üçün Bakı Ali Neft Məktəbində (BANM) ilk dəfə olaraq data analitikası ixtisası üzrə tədris proqramının açılması planlaşdırılır. Bu barədə məlumatı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Baku TV-yə verdiyi açıqlamada bildirib.

Rektorun sözlərinə görə, data analitikası bu günün əmək bazarında ən çox tələb olunan və perspektivli sahələrdən biridir. Müasir texnologiyaların və süni intellektin sürətli inkişafı bu ixtisas üzrə mütəxəssislərə ehtiyacı daha da artırıb.

“Elmi və tədris bazamız, həmçinin beynəlxalq partnyor universitetlərlə əməkdaşlığımız nəticəsində bu ixtisas üzrə tədrisə başlamağa tam hazırıq. Bir neçə ildir bu istiqamətdə hazırlıq işləri aparılırdı və artıq nəticəsini görürük”, – deyə Elmar Qasımov qeyd edib.

Bakı Ali Neft Məktəbində Data Analitikası ixtisasının açılması, ölkədə rəqəmsal transformasiya, böyük verilənlər (Big Data) və analitik bacarıqlar sahəsində ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcək.