Xarici universitetlərdən məzun olmaq çətindir?
Xaricdə təhsil alan tələbələrin çətinlikləri – Ekspert xəbərdarlıq edir
Son illərdə xaricdə ali təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin müşahidələr göstərir ki, xarici universitetlərə qəbul olan bəzi tələbələr təhsillərini uğurla başa vurmaqda çətinlik çəkirlər.
Mövzu ilə bağlı təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az portalına açıqlama verib. O bildirib ki, universitetlərin giriş qapısı geniş, çıxış qapısı isə dar olmalıdır. Yəni təhsil müəssisəsinə qəbul olmaq asan, lakin məzun olmaq çətin olmalıdır.
“Xaricdə də universitetlər reytinqə görə fərqlənir. Dünyanın bütün ölkələrində yüksək, orta və aşağı keyfiyyətli ali məktəblər mövcuddur. Bu, təhsilin keyfiyyətinə və tələbənin üzləşəcəyi çətinliklərə birbaşa təsir edir. Əgər bir universitet doğrudan da yüksək rəqabətlə tələbə seçirsə, orada məzun olmaq da daha çətindir”, – deyə Qoşqar Məhərrəmov qeyd edib.
Uğurun yolu zəhmətdən keçir
Mütəxəssis qeyd edir ki, uğurlu tələbə olmaq üçün yalnız universitet dərsləri ilə kifayətlənmək yetərli deyil. Tələbə öz üzərində daim işləməli, dil və rəqəmsal bacarıqlarını (İKT) inkişaf etdirməlidir.
Qoşqar Məhərrəmov öz təcrübəsinə əsaslanaraq əlavə edib:
“Mənim təhsil aldığım Orta Doğu Texniki Universiteti (ODTÜ) Türkiyənin ən çətin və nüfuzlu universitetlərindən biridir. Hətta Stenford Universitetinin məzunları ODTÜ-də oxumağın daha çətin olduğunu deyirdilər. Uğur təsadüf nəticəsində əldə edilmir. Bu, əzm, zəhmət və davamlı çalışmanın nəticəsidir. Dağın zirvəsinə əl cibdə çıxmaq mümkün deyil”.
Gənclərə tövsiyə:
-
Universitet həyatınızı yalnız dərslərlə məhdudlaşdırmayın;
-
Özünüzü akademik və sosial sahədə inkişaf etdirin;
-
Xarici dillərə və texnoloji biliklərə önəm verin;
-
Rəqabətli universitetləri seçərkən onların təhsil tələblərinə hazır olun.
