Süni İntellekt İmtahanların Qiymətləndirilməsində Tətbiq Olunacaqmı?
Süni İntellekt İmtahanların Qiymətləndirilməsində Tətbiq Olunacaqmı?
Son günlərdə imtahan suallarının yoxlanılması prosesində süni intellektin tətbiqi ilə bağlı fikirlər geniş müzakirə olunur. Bu tendensiya yaxın gələcəkdə imtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə edilə biləcəyi ehtimalını gündəmə gətirir. Bəs belə bir addım realdırmı və hansı nəticələri doğura bilər?
Süni intellekt imtahanlarda tətbiq olunacaqmı?
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, dünya üzrə tanınmış qiymətləndirmə şirkətləri və nüfuzlu imtahan təşkilatları hələ ki, süni intellektin qiymətləndirmədə istifadəsini gündəmlərinə gətirməyiblər.
“Böyük imtahan təşkilatları süni intellektə etibar etmirlər. Bu texnologiya hazırda yalnız lokal, məktəbdaxili imtahanların yoxlanmasında istifadə olunur. Genişmiqyaslı imtahanlarda isə insan faktoruna üstünlük verilir”, – deyə Elmin Nuri vurğulayıb.
Süni intellektin imkanları və məhdudiyyətləri
Elmin Nuri qeyd edir ki, süni intellektin hesablamaları sürətli və effektiv olsa da, insan beyninin çoxvariantlı düşünmə tərzi və psixoloji hissiyatı ilə müqayisədə məhduddur:
“Süni intellekt saniyələr ərzində milyonlarla məsələni həll edə bilir. Lakin onun qərarları yalnız əvvəlcədən verilmiş əmrlərə əsaslanır. İmtahan qiymətləndirilməsi isə təkcə məntiqi deyil, həm də psixoloji yanaşma tələb edir. Bunu isə yalnız insan anlayır”.
Gələcəkdə süni intellektin rolu nə olacaq?
Ekspert hesab edir ki, yaxın və uzaq gələcəkdə də süni intellekt imtahan qiymətləndirməsində tam məsuliyyəti öz üzərinə götürə bilməyəcək. Onun rolu köməkçi funksiyada qalacaq:
“İnsan faktoru olan yerdə süni intellekt ön plana çıxa bilmir. Abituriyentin yazı üslubu, ifadə tərzi və digər detallar yalnız insan gözü ilə dəyərləndirilə bilər”.
