Minlərlə abituriyent kənarda qalacaq – Ən gərgin ixtisas qrupları AÇIQLANDI
2025-ci ildə abituriyentlərin imtahan nəticələri: Hansı ixtisas qruplarında kəsilmə çox olacaq?
Bu il I ixtisas qrupu üzrə informatika yönümlü abituriyentlərin imtahan nəticələri ötən illərlə müqayisədə daha zəif olub. Əvəzində, kimya yönümlü şagirdlər daha yüksək nəticələr göstəriblər. Mütəxəssislər bildirirlər ki, bu ixtisas qrupu üzrə təxminən 3500-4000 nəfərin ali məktəblərə qəbul ola bilməməsi ehtimal olunur.
Əsas səbəblər arasında blok imtahanında 100 bal həddini keçə bilməyənlərin sayının çoxluğu və abituriyentlərin 200 ballıq ixtisaslara uyğun gəlməməsi xüsusi qeyd olunur. Bir çox abituriyent buraxılış imtahanında yüksək bal toplasa da, blok mərhələsində 100 balı keçə bilməyib. Bu isə o deməkdir ki, onlar yalnız 150 ballıq ixtisaslar üzrə seçim edə biləcəklər. Nəticədə 200 bal tələb olunan ixtisas yerləri boş qala bilər.
II ixtisas qrupunda vəziyyət stabildir
Bu qrupda plan yerləri ilə müraciət edən abituriyentlərin sayı təxminən eyni səviyyədədir. Əsas problem isə düzgün ixtisas seçiminin edilməməsi ilə bağlıdır. Seçimlər düzgün aparılarsa, ciddi kəsilmə gözlənilmir.
III ixtisas qrupu üzrə ciddi rəqabət gözlənilir
Proqnozlara görə, bu qrupda təxminən 5-6 min nəfər ali məktəblərdən kənarda qala bilər. Bu isə həm plan yerlərinin məhdudluğu, həm də yüksək ballarla əlaqədardır. Ən çox rəqabətin müşahidə olunacağı qruplardan biri məhz III ixtisas qrupudur.
IV ixtisas qrupunda vəziyyət nisbətən rahatdır
Bu qrupda 500-1000 nəfərin kəsilməsi ehtimal edilir. Ən çox müraciətin tibb ixtisaslarına olduğu IV qrupda aşağı bal toplayan abituriyentlər kimya-biologiya üzrə digər ixtisaslara yönəlirlər.
V ixtisas qrupunda keçid balları arta bilər
Bu il I və III qrupda ali məktəbə qəbul ola bilməyən bir çox abituriyent, məcburən V ixtisas qrupunun qabiliyyət tələb etməyən ixtisaslarına yönələcəklər. Bu isə bəzi ixtisaslarda keçid ballarının ikiqat artmasına səbəb ola bilər.
