Lisey və gimnaziyalara qəbulda 343 şagird təkrar qiymətləndirməyə cəlb olunub

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələrindəki uyğunsuzluqlarla bağlı əlavə araşdırmalar aparılır

Lisey və gimnaziyalara keçirilmiş mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən edilmiş uyğunsuzluqlarla bağlı əlavə araşdırmalar davam etdirilir.

Bu məqsədlə Təhsil İnstitutunda xüsusi komissiya yaradılıb və ilkin mərhələdə nəticələrində uyğunsuzluq müşahidə olunan şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.

14–18 iyul 2025-ci il tarixlərində komissiya tərəfindən valideynlərlə görüşlər təşkil olunub və ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb edilib. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən:

  • 54 şagirdin imtahan nəticələri bərpa edilib;

  • 289 şagirdin nəticələri əsas imtahanla ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub.

Nəticələrlə bağlı məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərinə yerləşdiriləcək. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanında ümumilikdə 26 619 şagird iştirak edib.

Təhsil İnstitutu bildirir ki, imtahan nəticələrində aşkar olunmuş uyğunsuzluqların araşdırılması sistemli və şəffaf şəkildə davam etdirilir.