İxtisas seçimində dələduzluq – Onlara inanmayın!
İxtisas seçimi prosesində yanlış məsləhətlər abituriyentlərin gələcəyinə mənfi təsir göstərir
Son illərdə ixtisas seçimi prosesi bəzi şəxslər tərəfindən kommersiya vasitəsinə çevrilib. Özünü “ekspert” kimi təqdim edən, lakin peşəkar bilik və psixoloji yanaşmadan məhrum olan şəxslər abituriyentlərə yanlış istiqamətlər göstərir. Nəticədə yüksək bal toplayan gənclər istədikləri ixtisasa qəbul ola bilmirlər. Bu isə onların həm təhsil, həm də gələcək karyerasına mənfi təsir göstərir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirir ki, hazırda ixtisas seçimi üzrə rəsmi lisenziyalaşdırma və akkreditasiya sistemi mövcud deyil. Bu da istənilən şəxsin özünü “ekspert” kimi təqdim etməsinə şərait yaradır.
Beynəlxalq təcrübə: Peşəkar və akkreditə olunmuş məsləhətçilər
Günay Əkbərova vurğulayır ki, ABŞ, Kanada və Avropa ölkələrində ixtisas seçimi və təhsil məsləhətçiliyi yalnız ixtisaslı və akkreditə olunmuş məsləhətçilər tərəfindən həyata keçirilir. Bu şəxslər abituriyentin maraqları, şəxsiyyət xüsusiyyətləri və uzunmüddətli hədəflərinə əsaslanaraq peşəkar tövsiyələr verirlər.
Valideyn və abituriyentlər üçün əsas meyarlar
Ekspertin sözlərinə görə, düzgün məlumat və sadə təhlil bacarığı olan hər bir valideyn və abituriyent uğurlu seçim edə bilər. Bunun üçün əsas meyarlar aşağıdakılardır:
-
DİM-in elektron sistemi vasitəsilə şəffaf və funksional ixtisas seçimi imkanı mövcuddur. Əsas məsələ emosional deyil, rasional qərar verməkdir.
-
Abituriyentin maraq və bacarıqları əsas götürülməlidir. Hansı sahəyə maraq göstərir və hansı fənlərdə daha güclüdür?
-
Əmək bazarının tələbatı nəzərə alınmalıdır. Hansı ixtisaslar daha perspektivlidir, hansı sahələrdə artım və ya durğunluq var?
-
Seçilən ixtisas magistratura və iş imkanları baxımından geniş perspektivlər təqdim etməlidir.
-
Toplanan bal və keçid balı arasındakı uyğunluq dəqiqliklə qiymətləndirilməlidir.
Məlumatlı və etibarlı məsləhət: Uğurlu qərarın açarı
G. Əkbərova tövsiyə edir ki, əgər məsləhət almağa ehtiyac varsa, valideynlər və abituriyentlər yalnız universitetlərin rəsmi məsləhət xidmətlərinə və ya etibarlı təhsil ekspertlərinə müraciət etməlidirlər. Düzgün istiqamət verilmədiyi halda, abituriyentin gələcək həyatı risk altına düşə bilər.
Son tövsiyə: Öz maraqlarını tanıyan abituriyentlər daha uğurludur
Ekspert qeyd edir ki, beynəlxalq təcrübədə uğur qazanan abituriyentlər əsasən valideyn təzyiqindən uzaq, öz maraq və güclü tərəflərini tanıyaraq seçim edənlərdir. Azərbaycanda da bu yanaşmanın yayılması arzuolunandır.
