Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir

Emin Əmrullayev: “Əsas məqsəd iş deyil, təhsildir”

Təhsil artıq yalnız yazı-pozunun öyrədilməsi ilə yekunlaşmır. Müasir dövrdə təhsil prosesi daha mürəkkəb və çoxşaxəlidir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində təşkil olunan “Böyük Qayıdış: Çağırışlar və İmkanlar” adlı panel müzakirəsində deyib.

Nazir bildirib ki, universitetlərə qəbul planı artdıqda, vətəndaşlar dərhal məzunların iş tapıb-tapmayacağını soruşurlar. Lakin bu məsələdə diqqət əsas məqsədə – təhsilə fokuslanmağa yönəlməlidir:

“Hazırda Azərbaycanda 60 min nəfər ali təhsil almaq imkanına malikdir. Bu göstərici əvvəlki illərlə müqayisədə təxminən 3 dəfə artıb. Amma tez-tez sual olunur: bakalavr pilləsi üzrə plan yerlərinin artırılması hamıya iş imkanı yaradacaqmı? Biz deyirik ki, bəs təhsil almayanlar iş tapa biləcəkmi? Deməli, ilk məqsəd təhsil almaq olmalıdır.”

Emin Əmrullayev əlavə edib ki, yaxşı kadr istəyiriksə, bu sahəyə ciddi investisiya qoymaq lazımdır:

“Dünya çox sürətlə dəyişir. Bu dəyişikliklərə uyğun ali təhsilin hər kəs üçün əlçatan olması vacibdir. Ali təhsil elitar anlayış deyil. Əgər bir vətəndaş ali təhsil almaq istəyirsə və ödəniş edə bilirsə, bu hüquqdan istifadə etməlidir. Təbii ki, xüsusi bacarıqlar tələb edən ixtisaslar istisnadır.”

Nazir onu da vurğulayıb ki, Azərbaycanda bir həkimin hazırlanmasına dövlət tərəfindən illik təxminən 40-50 min ABŞ dolları xərclənir. Bu rəqəm bəzi Avropa ölkələrində 120 min dollara qədər yüksəlir.

Əsas məqsəd isə təhsilin məzmun keyfiyyəti və əmək bazarına uyğun bacarıqlara sahib mütəxəssislərin hazırlanmasıdır.