300 bal toplayan məktəbli iki universitetdən birini seçəcək
Tərtər rayon məktəblisi buraxılış imtahanında maksimal nəticə göstərdi
Martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında maksimal nəticə göstərən 23 nəfərdən biri Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki Tərtər rayon Rövşən Kərimov adına Sarov kənd tam orta məktəbinin şagirdi Çinarə Quliyevadır.
“Azərbaycan müəllimi” ilə söhbətində Çinarə bildirib ki, bu nəticə ona həm sevinc, həm də əlavə məsuliyyət hissi verib. Növbəti imtahanlara daha ciddi yanaşmaq üçün motivasiya qazandığını deyir:
“Bu, başlanğıcdır. Növbəti uğurum üçün ilk addımdır. Artıq blok fənlərinə hazırlığımı gücləndirmişəm. İstirahət və dərs vaxtımı balanslı bölməyə çalışıram. Məncə, fasiləsiz oxumaq mümkün deyil. Əsas məsələ kəmiyyət deyil, keyfiyyətdir,” – deyə Çinarə vurğulayıb.
O, əldə etdiyi nəticədə valideynlərinin və müəllimlərinin də böyük payı olduğunu qeyd edir. Gələcəkdə hüquq ixtisası üzrə Bakı Dövlət Universitetində və ya Dövlət İdarəçilik Akademiyasında təhsil almağı planlaşdırır.
Çinarənin anası Elnarə xanım da qızının uğurunu böyük sevinclə qarşılayıb:
“Biz kənddə yaşayırıq. Hər kəs maraqlanır ki, nə etdiniz, necə oldu? Xüsusi hazırlıq olmayıb. Məktəbə davamlı şəkildə gedib, dərslərini məsuliyyətlə oxuyub. Nəticəsini gözləyirdik, amma bu qədərini yox. Üzü ağ olsun, əziyyətimiz boşa çıxmadı. Kiçik bacı-qardaşı da ondan nümunə götürəcəklər,” – deyə bildirib.
