“Balın bura çatır” prinsipi yanlışdır – Doğru ixtisas seçimində qızıl QAYDALAR
ixtisas seçimi zamanı nələrə diqqət edilməlidir? – Ekspert rəyi
İxtisas seçimi edən abituriyent ilk növbədə əmək bazarı ilə yaxından tanış olmalı, gələcək perspektivlərini düzgün qiymətləndirməlidir. Təhsil mütəxəssisləri bildirirlər ki, təkcə bal əsasında deyil, həm də abituriyentin maraqları və peşə yönümlü hədəfləri nəzərə alınmalıdır.
İxtisas seçimi yalnız mövcud balla ediləndə nə baş verir?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, təkcə “sənin balın bura çatır” prinsipi ilə ixtisas seçmək düzgün deyil. Abituriyent dörd il sonra hansı sahədə işləmək istədiyini bilməli və bu istiqamətdə qərar verməlidir. Valideynlərin və məsləhətçilərin təsiri ilə edilən qərarlar sonradan peşmançılıq yarada bilər.
Keçid ballarının təhlili vacibdir
Mütəxəssis rəylərinə əsasən, abituriyentin topladığı bal statistik jurnallar əsasında təhlil olunmalıdır. Məsələn, I ixtisas qrupu üzrə 250 bal toplamış bir abituriyent keçən il bu aralıqda neçə nəfərin olduğunu, bu il isə həmin bal intervalında rəqiblərinin sayını analiz etməlidir. Əgər bu il 260-270 bal arası nəticə göstərənlərin sayı çoxalıbsa, keçid ballarının yüksəlməsi ehtimalı var. Əgər azalıbsa, 5-10 ballıq enmə müşahidə oluna bilər.
Yeni ixtisaslar və plan yerlərində artım var
Bu il bir sıra yeni ixtisaslar yaradılıb və ali məktəblər tərəfindən bu ixtisaslara 30-40 plan yeri ayrılması gözlənilir. Bu da seçim zamanı əlavə imkanlar yaradır və keçid ballarına da təsir göstərə bilər.
İxtisas seçimi yalnız keçid ballarına əsaslanmamalıdır
Mütəxəssislərin fikrincə, ixtisas seçimi zamanı sadəcə keçənilki keçid ballarına baxmaq kifayət etmir. Əmək bazarının tələbləri, abituriyentin maraqları və gələcək planları da nəzərə alınmalıdır. Statistik təhlillə yanaşı, real perspektivlər də qiymətləndirilməlidir.
