Maksimum nəticə göstərənlər və narazılıq edənlər
Buraxılış imtahanlarının nəticələri açıqlandı – Maksimum nəticə göstərənlər və narazılıq edənlər
Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri rəsmi şəkildə açıqlanıb. İmtahanda iştirak edənlərdən 23 nəfər 300 bal toplayaraq maksimum nəticə əldə edib. Yüksək nəticə göstərənlərin sayı kifayət qədər olsa da, bəzi abituriyentlər nəticələrdən narazılıq bildiriblər.
İmtahan nəticələri necə yoxlanıla bilər?
Məlumata əsasən, aprelin 10-da buraxılış imtahanı nəticələri ilə yanaşı, aşağıdakı məlumatlar da iştirakçıların şəxsi səhifələrinə yerləşdirilib:
-
Cavab vərəqinin qrafik təsviri (şagirdin yazdığı cavabların surəti),
-
Açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları,
-
Doğru cavablar, tapşırığın həlli və qiymətləndirmə şkalası.
İştirakçılara tövsiyə olunur ki, şəxsi səhifələrinə daxil olaraq öz cavablarını və qiymətləndirmə meyarları ilə uyğunluğunu diqqətlə yoxlasınlar. Qiymətləndirmə əvvəlcədən təsdiq edilmiş meyarlara əsasən aparılır və şəffaf şəkildə təqdim olunur.
Nəticələrdən narazı olanlar nə etməlidir?
Nəticələrlə razılaşmayan abituriyentlər üçün Apellyasiya Komissiyası yaradılıb. Komissiyaya müraciət etmək istəyənlər 14–16 aprel tarixlərində elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət komissiya tərəfindən araşdırılır.
Müraciət edilən tapşırıqlarla bağlı ekspert rəyi yazılı şəkildə hazırlanaraq apellyasiya ərizəsinə əlavə edilir.
