Davamiyyətlə bağlı iddialara cavab – AÇIQLAMA

Azərbaycanda buraxılış imtahanları davam edir – Davamiyyətlə bağlı iddialara cavab

Azərbaycanda buraxılış imtahanları mərhələli şəkildə davam edir. 11-ci sinif şagirdlərinin 2 mart tarixində iştirak etdiyi buraxılış imtahanlarının nəticələri artıq açıqlanıb. 9 martda keçirilən imtahanın nəticələrinin isə bu həftə ərzində elan olunması gözlənilir.

Bununla yanaşı, 9-cu sinif şagirdlərinin də buraxılış imtahanları başlayıb və bu həftəsonu növbəti imtahan keçiriləcək.

Son günlərdə sosial şəbəkələrdə buraxılış imtahanlarından sonra məktəblərdə davamiyyətin xeyli aşağı düşməsi ilə bağlı məlumatlar yayılıb. Müəllimlərin sosial mediada paylaşdıqları statuslara görə, xüsusilə 9 və 11-ci siniflərdə dərsə yalnız 2-3 şagirdin gəldiyi iddia edilir. Şagirdlərin dərslərin artıq əhəmiyyət kəsb etmədiyini düşünərək məktəbə getmədikləri bildirilir.

Təhsil üzrə ekspertlər bu vəziyyəti narahatedici sayır və şagirdlərin məktəbdən yayınmasının təhsil prosesinin keyfiyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.

İddialarla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) açıqlama verib. Qurumdan bildirilib ki, 11-ci sinif şagirdlərinin buraxılış imtahanından sonra davamiyyətində kəskin azalma ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir,” – açıqlamada qeyd olunub.