Bu il I qrupda informatika üzrə ayrıca imtahan KEÇİRİLMƏYƏCƏK

Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin tarixlərini açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin keçiriləcəyi tarixləri elan edib.

Verilən məlumata əsasən, I ixtisas qrupu üzrə informatika fənni üzrə ayrıca imtahan nəzərdə tutulmayıb.

DİM bildirir ki, I ixtisas qrupu çərçivəsində həm Rİ (riyaziyyat-informatika), həm də RK (riyaziyyat-kimya) altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər birinci cəhd zamanı yalnız bir altqrupu seçə biləcəklər. İkinci cəhd zamanı isə digər altqrup üzrə iştirak edə bilərlər. Abituriyentlər istəyə uyğun olaraq hər iki cəhd zamanı eyni altqrup üzrə də imtahan verə bilərlər.

DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı qeyd edib:

“Qəbul imtahanlarının ikinci mərhələsini iki dəfə keçiririk – şərti olaraq yaz və yay imtahanı kimi. Əsas dəyişiklik ondan ibarətdir ki, abituriyent hər imtahan sessiyasında yalnız bir altqrupu seçə bilər: ya Rİ, ya da RK. Yəni bir imtahanda eyni vaxtda iki altqrupda iştirak mümkün deyil.”