Şagirdlərin nəzərinə!

Bazar günü – aprelin 13-də Bakı şəhərinin bir sıra rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Buraxılış imtahanları Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı, Səbail rayonlarında, həmçinin Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında keçiriləcək.

İmtahan saat 11:00-da başlayacaq. Saat 10:45-dən etibarən buraxılış rejimi başa çatacaq və bu saatdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Şagirdlərin imtahan binasına rahat daxil olması üçün fərqli gəlmə vaxtları müəyyən edilib. Bu vaxt hər bir iştirakçının buraxılış vərəqəsində qeyd olunub və həmin vaxtda binada olmaq tövsiyə edilir.

Bu mərhələdə ümumilikdə 51 min 237 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.