Buraxılış imtahanından “iki” alanlara attestat veriləcək?

Zəif qiymət alan şagirdlər attestatsız qala bilərmi? – Ekspertdən aydınlıq

Hər il XI sinif üzrə buraxılış imtahanlarının nəticələri açıqlandıqdan sonra bəzi abituriyentlər zəif qiymət aldıqları üçün attestat ala bilməyəcəklərindən narahatlıq keçirirlər.

Son günlərdə bu məsələ yenidən gündəmə gəlib. Bəzi valideynlər övladlarının buraxılış imtahanından zəif nəticə əldə etməsinin attestat almağa mane olacağını düşünürlər.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, buraxılış imtahanında alınan nəticə şagirdin attestat almasına təsir etmir. “Təhsil haqqında” qanuna əsasən, buraxılış imtahanı nəticələri attestatın verilməsinə maneə yaratmır. Bu düşüncə daha çox sovet dövründən qalan yanlış təsəvvürlərdən qaynaqlanır.

Ekspert əlavə edib ki, sinifdə qalma yalnız dərsləri davamlı şəkildə buraxan şagirdlərə aiddir. Bu qərar pedaqoji şura tərəfindən qəbul olunur və əsas olaraq şagirdin tədris planını mənimsəməməsi götürülür.

Ramin Nurəliyev qeyd edib ki, qiymətə görə attestatdan məhrumetmə anlayışı mövcud deyil. Əgər şagird buraxılış imtahanından iki qiyməti alarsa, onun attestat qiyməti 10 və 11-ci sinifin illik nəticələri ilə birlikdə orta hesabla müəyyən edilir. Hətta ümumi ortalaması 2 olsa belə, həmin qiymət attestatda əks olunur və attestat verilir. Məktəb rəhbərliyi bu səbəbdən attestat verməkdən imtina edə bilməz.

Valideynlərə bildirilib ki, belə hallar yaşandığı təqdirdə, müvafiq olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və ya Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər.