Bu il I və IV qruplarda güclü abituriyent rəqabəti olacaq
Martın 2-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. Bu il keçirilən ilk buraxılış imtahanında 23 nəfər maksimum – 300 bal toplayıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 14 nəfər idi. Bu fakt builki imtahanlarda yüksək bal toplayanların sayının artacağını göstərir.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu nəticələr gözlənilən idi. Onun sözlərinə görə, keçən illə müqayisədə bu il birinci mərhələdə daha çox şagird maksimum nəticə göstərib. O, martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlananda da yüksək ballıların sayının artacağını proqnozlaşdırır.
Ekspertin fikrincə, bu artım ali təhsil müəssisələrinə qəbulda rəqabətin güclənməsinə səbəb olacaq. Bu il ali məktəblərə təxminən 65 min plan yeri ayrılması nəzərdə tutulur ki, bu da abituriyentlər arasında daha ciddi mübarizə yaradacaq. Kamran Əsədov qeyd edir ki, buraxılış imtahanlarının nəticələri göstərir: həm müəllimlər, həm də şagirdlər Dövlət İmtahan Mərkəzinin sual modellərini və qiymətləndirmə meyarlarını daha yaxşı mənimsəyiblər.
O, həmçinin abituriyentləri xəbərdar edib ki, blok imtahanlarına daha ciddi hazırlaşmalıdırlar. Çünki yüksək nəticə göstərənlərin sayının artması blok mərhələsində rəqabəti artıracaq və çətin sualların sayında artım ola bilər. Bu da yalnız daha bilikli və hazırlıqlı şagirdlərin fərqlənməsinə şərait yaradacaq.
Kamran Əsədov vurğulayıb ki, xüsusilə I və IV ixtisas qruplarında ciddi rəqabət gözlənilir. Yüksək nəticə göstərən abituriyentlərin əksəriyyətinin bu qrupları seçməsi rəqabəti daha da gücləndirəcək.
